(filologiya elmləri doktoru, professor )
Cəfər Əsəd oğlu Cəfərov 1932-ci ildə Qərbi Azərbaycanın Əştərək rayonundakı Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbində 40 km məsafədə yerləşən bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan prof. Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Prof. Ə.Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur. C.Cəfərov 1945-ci ildə Hamamlı kənd yeddiillik məktəbini, 1948-ci ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunu bitirmiş, 1948-1950-ci illərdə Hamamlı kənd məktəbində müəllim işləmişdir. SSRİ Nazirlər Sovetinin qərarına əsasən bədnam Ermənistan dövləti tərəfindən 1950-ci ildə Əştərək rayonunda yaşayan azərbaycanlılar Azərbaycan respublikasının müxtəlif rayonlarına, o cümlədən də Hamamlı kənd sakinləri Azərbaycanın Salyan rayonuna deportasiya olunmuşlar. C.Cəfərov 1950-ci ildə Qazax Müəllimlər İnstitutunu bitirmiş, 1952-1953-cü tədris ilində Salyan rayonunun 4 saylı məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, 1953-1958-ci illərdə BDU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1958-1960-ci illərdə Tərtər rayonunda müəllim işləmişdir. 1960-1964-cü illərdə APİ-nin (indiki ADPU) aspiranturasında oxumuş, 1964-1974-cü illərdə Azərbaycan dilçiliyi kafedrasında ardıcıl olaraq assistent, baş müəllim, dosent vəzifələrində fəaliyyət göstərmişdir. Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə bərpa edilmişdir. 1993-cü ildən Müasir Azərbaycan dili kafedrasında professor vəzifəsində çalışır. C.Cəfərov 1965-ci ildə “Azərbaycan dilində inkarlığın ifadə vasitələri” mövzusunda namizədlik, 1992-ci ildə “Müasir Azərbaycan dilində keçid prosesləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, yüzdən artıq elmi məqalənin, “Nitq hissələrində keçid prosesləri” (1983), “Müasir Azərbaycan dilində inkarlığın ifadə vasitələri” (2000) adlı monoqrafiyaların, “Müasir Azərbaycan dilinin morfologiyası” (N.Abdullayevlə birlikdə, 2004) dərsliyinin, “Linqvistik təhlil nümunələri” (N.Abdullayevlə birlikdə, 2004) dərs vəsaitinin müəllifidir. C.Cəfərov dilçilik üzrə təşkil olunmuş müxtəlif konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı məruzələrlə çıxış etmişdir. Onun müəllim və dilçi kadrlarının yetişdirilməsində əməyini xüsusi qeyd etmək olar. C.Cəfərov BDU-nun nəzdində filologiya və jurnalistika elmləri doktoru və namizədlik alimlik dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
ƏlaqəCƏFƏR CƏFƏROV